Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
QLOBALLAŞAN DÜNYADA MİLLİ RUHDA TƏRBİYƏ XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR

0


  •         



     Biz qloballaşan dünyada yaşayırıq. Lakin bünövrəsini XX əsrin qoyduğu qloballaşmanı birmənalı qiymətləndirmək mümkün deyil. Məhz belədir ki, dünyada qloballaşmanın tərəfdarlarının və əleyhdarlarının sayı minlərlə, milyonlarla ölçülür. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan bir sıra nəhəng problemləri bir və ya bir neçə dövlətin gücüylə həll etmək mümkün deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir (həll etmək mümkün olarsa). Bu cür problemlər sırasına ekoloci problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s.b.k. daxildir.

            Beynəlxalq (transmilli) təşkilatların (BMT...), beynəlxalq birliklərin (Avropa Birliyi...), şirkətlərin, firmaların yaranması məhz qloballaşma amili ilə şərtlənib. Bu baxımdan, yəni "güc (həm də xilas) birlikdədir" mövqeyindən qloballaşma proqressiv bir fenomendir və bəşəriyyətə firavan gələcək vəd edir. Və bu cür alqışlanmağa layiq olaraq milyonlarla tərəfdaş və təəssübkeş qazanıb. Lakin yuxarıda qeyd etdiyimiz kimi qloballaşmanın əleyhdarları, yəni medalın əks üzü də vardır. Bəlkə onların arqumentləri əsassızdır, yaxud qeyri-obyektivdir.

            - Əlbəttə yox. Hər kəsin öz samballı arqumentləri vardır.

            Bizcə, qloballaşma başlıca olaraq iqtisadi, elmi-texniki, informasiya kommunikasiya texnologiyaları sahələrində getməli, mənəviyyat sahələrinə nüfuz etməməlidir. Yəni hər bir xalq, millət öz milli mentalitetini, milli mədəniyyətini, özəl milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlamılıdır. Əks-təqdirdə nəsibimiz kosmopolitizm, manqurtlaşma olardı.

    Bəli, antiqlobalistlər əbəs yerə narahat olmurlar. Dünyamız onu al-əlvan bir xalıya bənzətmiş milli palitrasını itirərsə, onda vətən, vətənpərvərlik, yurdsevərlik, milli qürur kimi çox yüksək dəyərləri itirmiş olardıq. Bu baxımdan qloballaşan dünyada milli ruhda tərbiyə müstəsna əhəmiyyət kəsb edir. Bu məqamda da ifrata varmaq, yəni milliyətçiliyə, şovinizmə yuvarlanmaq olmaz. Başqa sözlə desək millətçilik yox, millətsevərlik. Qoy bütün toplumlar öz millətini, öz vətənini, öz tarixini, öz adət-ənənələrini sevsinlər, onlarla fəxr etsinlər, milli mədəniyyətlərini inkişaf etdirib çiçəkləndirsinlər, digər milli mədəniyyətlərlə sıx əlaqələr qursunlar və dünya mədəniyyətinə öz layiqli töhfələrini bəxş etsinlər. Belə olsa bəşəriyyət uduzmaz.

             Tərbiyə, onun tərkib hissəsi olaraq milli ruhda tərbiyə çox mürəkkəb, çox həssas və çox vaxt tutumlu bir prosesdir. Valideyn tərəfindən genlərlə övlada ötürülmüş bu kod ana südüylə və ana laylasıyla intişar tapır; ailənin, ictimai mühitin, təbii mühitin təsiri altında formalaşır.

    Vətən anlayışında bir "kiçik vətən" (hər kəsin doğulduğu, dünyaya göz açdığı məkan) məhfumu var. Kiçik vətənini (ailəsini və kəndini) sevməyən kəs böyük vətənini (xalqını və ölkəsini), daha böyük vətənini (bəşəriyyəti və Yer planetini) sevə bilməz. Öz xalqının övladı olmayan bəşəriyyətin övladı ola bilməz. əkş təqdirdə o, manqurtdur, ən azı kosmopolitdir.

    İnsanın ətraf mühitə münasibətlərinin məcmusu ilkin olaraq ailədə formalaşır və şaxələnir. Ailədən sonra fərdin tərbiyəsinə ən güclü təsiri onun yaşadığı ictimai mühit göstərir. Hər iki halda, yəni istər ailədə, istər cəmiyyətdə nümunənin rolu çox güclüdür. Əgər tərbiyə məqsədi daşıyan öyüd-nəsihət sözlə çatdırılırsa və yaddaşa hesablanırsa (belə desək nəzəri, qiyabi xarakter daşıyırsa), fərdin özünün gördüyü və duyduğu nümunələr (belə desək əyanidir, təmənnalı xarakter daşımır) birbaşa onun yaddaşına həkk olunur.

             Məsələyə bu müstəvidən yanaşsaq, xalq adət-ənənələrinin fərdin milli ruhda tərbiyə olunmasında əvəzsiz rolu vardır. Bu baxımdan doğma kəndim Umudlunun gözəl adət-ənənələri misilsiz idi. Kənddə körpədən tutumuş ixtiyar qocayadək hər kəsin öz yeri vardı. Və bu ierarxiyanı heç kəs poza bilməzdi. Ağsaqqalın, ağbirçəyin dediyi qanun idi. Qarşılıqlı münasibətlərdə hörmət, ehtiram hökm sürərdi. Kimsə ayağını əyri qoysaydı, camaat tərəfindən qınaq görərdi və bir daha belə hərəkətə yol verməzdi. Yaxın qonşu (buna od qonşusu deyərdilər) yaxın qohumdan irəli idi.

              Kəndin məclisləri adla deyilirdi (Tərtərdən də bunun çox şahidləri var). Toylarımız özgə bir aləm idi. Toy sahibləri ilə bahəm bütün kənd toya hazırlaşardı. Bu əsl el şənlikləri idi. Qadın, kişi eyni çadırda müxtəlif tərəflərdə əyləşərdilər. Musiqiçilər mərkəzdə əyləşər, ortada oyun (rəqs) meydançası olardı. Aşıqlar da iki dəst olardı: qara zurna və saz aşıqlan. Aşıqların yanında toyun padşahı əyləşər, vəziri vasitəsilə toyu idarə edərdi. Növbə ilə hamı rəgs edər, gah da saz aşıqları dinlənilərdi. Bəy, gəlin məclisdə əyləşdirilməzdi. Yalnız ağsaqqalların təklifi ilə onlan məclisə gətirib oynadardılar. Gəlin əlləri xınalı rəfiqələriylə və yengəsi ilə gəlin otağında, bəy öz yoldaşlarıyla qonşuda (od qonşusu gildə) oturardı. Yekunda bəy tərifi olardı. Onda bəy öz sağdış və soldışıyla mağara gətirilərdi. Sağdış, soldış bağ bəzəyərdilər (ağac şəklində, üstündə şirniyyat və meyvə, başmda soyutma çolpa). Bəzədilmiş bağlara qiymət qoyulardı. Ağsaqqallardan, qohumlardan, hörmətli adamlardan kimsə bağları (bəzən də hərə birini) satın alardı (bir at verdim, bir inək verdim, bir camış verdim, min tümən verdim). Bundan sonra bəy tərifi başlanardı. Adı çəkilən gətirib xonçaya nəmər atar, bağdan pay alardı. Qız yengəsi bəyə və sağdış, soldışa xonça bağışlayardı, onlar isə xonça qabına nəmər atardılar. Aşıq arada şuxluq edər, məzəli sözlər oxuyardı. Bəy və yoldaşları tərəfindən "dodaqqaçdı" olardısa, cərimələnərdilər.

             Qız qapısına ağsaqqallar, hörmətli adamlar elçi gedərdilər. "Hə" veriləndə şirinçay içilərdi. Nadir hallarda qızqaçırma olardı. Onu da ağsaqqallar yoluna qoyardı.

    Yaşlılardan kimsə yatağa düşəndə camaat vida görüşünə gedərdi. Ev yiyəsini təklik hiss etməyə qoymazdılar. El tökülüb hər şeyi özü həll edirdi. Yas məclisi əsl yas məclisi idi. Bütün sifətlərdə işıqlı bir kədər olardı.

    Birisi ev tikəndə hamı tökülüb kömək edərdi. Heç kim fəhlə tutmazdı (kənddə bu anlayış yox idi). Həmkəndlilər növbə ilə gəlib ustanı işlədərdilər.

    Cavanlar əsgərə gedəndə, əsgərdən gələndə bütün kənd toplaşardı. Böyük şənlik məclisi düzənlənərdi.

            Ali məktəbə qəbul olanda, camaat hamılıqla təbrikə gələr, yenə böyük bir məclis qurulardı. Tələbələr tətilə gələndə qonşular, qohumlar qonaq çağırardılar.

    Hər kəs arxasında el gücü hiss edər, özünü qüdrət sahibi sayardı (haqlı olaraq).

    Davar, mal-qara növbə ilə otarılardı, çoban yox idi.

    Payızda subay mal-qara aylarla (qar yağanadək) meşədə qalardı. Oğurluq yox idi.

    "Dağlar arxasında üç dosf'dan (Tərtər, Umudlu, Murov) biri olan Umudlu gözəl və saf təbiətin cənnət qoynunda qərar tumuş gözəl və saf bir kənd, nadir bir camaat idi. (Ali məktəbdə oxuyarkən fransız maarifçisi Russonun təbiətə qayıdış ideyalarına vuruldum. Sonradan başa düşdüm ki, mən elə həmin ideyaların qoynunda yaşamışam).

             Bax belə tipik şəraitdə tipik xarakterlər yetişir.

    Biz məktəbimizi də qoruyub saxlamışıq, onu öz adıyla (nömrəyə çevrilməyə qoymadıq) yaşadırıq. Bir məcburi köçkün məktəbi olaraq kökümüzdən ayrılmamağa, milli adət-ənənələrimizi yetişməkdə olan nəslə ötürməyə, onları milli vətənpərvərlik ruhunda tərbiyə etməyə çalışırıq. Yaxşı müəllimlərimiz çoxdur. Lakin bu dediklərim ən gözəl şəkildə Elxan müəllimin dərslərində alınır. Onun Azərbaycan tarixindən hər bir dərsi, mübağiləsiz, milli vətənpərvərlik dərsidir.

    Lakin gənclərimizin milli ruhda tərbiyə olunmasına əngəl törədən bir çox amillər var. Bunlardan biri (bəlkə də birincisi) bədii ədəbiyyatdan (bu tərəfsiz və təmənnasız tərbiyəçidən) üz çevrilməsidir. İndi gənclər demək olar ki, bədii ədəbiyyat oxumurlar. Dərsliklərin tərtibatı da elə kamil deyil (kamil olsa belə bu dəryadan bir zərrədir). Bəzən zəif mətnlər salınır dərsliklərə. Yaxşı olardı ki, ayrıca bədii qiraət dərsləri keçilərdi və ora Azərbaycan və dünya ədəbiyyatından dəyərli nümunələr salınaydı. K.Paustovskinin "Nimdaş şinelli qoca" hekayəsi kimi. Bu hekayədə kəndə yaşamağa gəlmiş bir pensiyaçıdan söhbət gedir. Hamı onu çətin maddi durumda olan nimdaş şinelli bir qoca kimi tanıyır. Lakin ölümündən sonra məlum olur ki, o, yüksək pensiya alan bir hərbçiymiş. Pensiyasından kasıb tələbələrə təqaüd yollayırmış, ehtiyacı olanlara pul ayırırmış. Amalı da bu imiş ki, xalq simasını itirməsin.

             Nə qədər gözəl bir hekayə, nə qədər yüksək bir qayə. Bax budur bədii ədəbiyyatın qüdrəti: səssiz-səmirsiz ürəklərə daxil olmaq və onu fəth etmək!

             Digər bir tərəfdən orta məktəblərdə şagirdlərə əxlaqdan qiymət verilmir (vaxtilə verilirdi və bunun çöx böyük təsir qüvvəsi vardı). De-yure deyirik ki, təlimlə tərbiyə ayrılmazdır, de-fakto şagirdləri əxlaqdan attestasiya etməməklə bunu inkar edirik. Digər dağıdıcı bir amil gənclərin müasirləşmə, avropalılaşma adıyla milli mentalitet və adət-ənənələrimizdən uzaqlaşmasıdır. Televiziya, internet bu prosesə çox münbit bir mühit formalaşdırır. Obyektiv (tərəfsiz) bir hakim qismində televiziyalarımıza diqqət yetirsək onda özümüzə hansı qiyməti verərik?!

            Unutmaq lazım deyil ki, qloballaşan dünyada təkcə iqtisadi müstəvidə əmtəə bazarları uğrunda deyil, həm də ideologiyalar uğrunda mübarizə gedir. İqtisadi qüdrətimiz, müstəqilliyimiz var. Milli mentalitetimizi, özəl adət-ənənələrimizi, milli ideologiyamızı qoruyub saxlamaq üçün mübarizəyə qalxmağın vaxtıdır. Sonra gec olar. Dialoqdakı kimi.

    Bəşəriyyət:

    - Hara gedirsən ulu Dünya?

    Dünya:

    - Sabaha.

    Bəşəriyyət:

    - O, necə sabahdır?

    Dünya:

    - O, səndən asılıdır.

    Zabil SÜLEYMANOĞLU,


    Ağdərə rayonu, Umudlu kəndi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi9 il öncə
    İzlənib44 dəfə
    QLOBALLAŞAN DÜNYADA MİLLİ RUHDA TƏRBİYƏ XÜSUSİ ƏHƏMİYYƏTƏ MALİKDİR

    Maraqlı gələ bilər
    85
    0
    76